Xəbərlər
7 oktyabr “Layiqli Əmək Günü” qeyd olunub

7 oktyabr “Layiqli Əmək Günü” qeyd olunub
7 oktyabr – Layiqli Əmək Günü ilə əlaqədar Sabirabad rayonunun bir sıra ümumi təhsil müəssisələrində tədbirlər keçirilib.
Tədbirlərdə layiqli əməyin əhəmiyyəti, əmək hüquqlarının qorunması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəllim əməyinə göstərilən diqqət və qayğı barədə geniş fikir mübadiləsi aparılıb.
Məktəbdə 5 Oktyabr – Müəllimlər Günü münasibətilə tədbir keçirilib

Məktəbdə 5 Oktyabr – Müəllimlər Günü münasibətilə tədbir keçirilib
5 Oktyabr – Müəllimlər Günü münasibətilə Sabirabad rayon Şiralı Cəbrayılov adına Cavad kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbində pedaqoji kollektivlə görüş keçirilib.
Tədbirdə ETİHİ Sabirabad Rayon Komitəsinin nümayəndələri də iştirak edərək pedaqoji kollektiv üzvlərinə peşə bayramları münasibətilə təbriklər çatdırılıb, onların şərəfli və məsuliyyətli fəaliyyətlərinə görə minnətdarlıq ifadə olunub.
Beynəlxalq Müəllimlər Günü qeyd olunub.

Beynəlxalq Müəllimlər Günü qeyd olunub.
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Mil-Muğan Regional Təhsil İdarəsini ,Elm və Təhsil İşçiləri Həmkarla İttifaqı İmişli,Beyləqan,Saatlı,Sabirabad rayon komitələrinin təşkilatçılığı ilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edərək, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar və gələcək nəsillərin yetişdirilməsi kimi məsuliyyətli və şərəfli missiyalarında yeni nailiyyətlər arzulayıblar. Çıxışlarda müəllim əməyinin cəmiyyətin inkişafında, savadlı, dünyagörüşlü və vətənpərvər nəslin formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, müəllim yalnız bilik öyrədən deyil, həm də şagirdlərin şəxsiyyət kimi formalaşmasına, onların həyat yolunu müəyyənləşdirməsinə töhfə verən mühüm bir peşənin sahibidir.
Səmimi və xoş ovqatda keçən tədbir müəllim əməyinə verilən dəyərin, təhsil işçilərinə göstərilən ehtiramın və gələcək nəsillərin yetişdirilməsi naminə birgə fəaliyyətə verilən önəmin ifadəsi olub. Tədbirin sonunda bir qrup müəllim idarə tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Sabirabad rayonunda tədbirlər keçirilib

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Sabirabad rayonunda tədbirlər keçirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Sabirabad rayonunun bir sıra ümumtəhsil müəssisələrində təhsil işçilərinin peşə fəaliyyətinin ictimai əhəmiyyətinin təbliği, müəllim əməyinin sosial statusunun yüksəldilməsi və təhsil sahəsində çalışan əməkdaşların stimullaşdırılması məqsədilə tədbirlər təşkil olunub.
Tədbirlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müşaviri Əlisa Qurbanov və ETİHİ Sabirabad Rayon Komitəsinin sədri Seyid Hüseyn Hüseynov iştirak ediblər.
Çıxışlarda müasir təhsil sisteminin inkişafında pedaqoji kadrların mühüm rolu, müəllim peşəsinin cəmiyyətin intellektual və sosial inkişafında strateji əhəmiyyəti, eləcə də təhsil işçilərinin əmək və sosial hüquqlarının müdafiəsinin vacibliyi qeyd olunub.
Tədbirlər çərçivəsində təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyət göstərən müəllimlərin əməyinə yüksək qiymət verilib, onların peşəkar fəaliyyətləri ilə bağlı xoş arzular ifadə olunub.
Sonda müəllimlərə möhkəm cansağlığı, pedaqoji fəaliyyətlərində uğurlar və gələcək nəsillərin təlim-tərbiyəsi prosesində yeni nailiyyətlər arzulanıb
27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib
27 Sentyabr – Anım Günü münasibətilə ETİHİ Sabirabad Rayon Komitəsi və Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən tədbir keçirilib.
Tədbirdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiram və hörmətlə yad edilib. Çıxışlarda şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıqdan, Vətən sevgisindən və xalqımızın yaddaşında əbədi yaşayacaq şərəfli ömür yolundan bəhs olunub.
Daha sonra tədbir iştirakçıları və kollektiv üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərimizin məzarları önünə gül dəstələri qoyulub, onların ruhuna dualar oxunub və əziz xatirələri ehtiramla anılıb.
2026-2027-ci tədris ilinin başlanması münasibətilə “Bilik Günü”nə həsr olunmuş tədbirlər keçirilib.

2026-2027-ci tədris ilinin başlanması münasibətilə “Bilik Günü”nə həsr olunmuş tədbirlər keçirilib.
2026-2027-ci tədris ilinin başlanması münasibətilə “Bilik Günü”nə həsr olunmuş tədbirlər keçirilib.
Məktəblərin həyətində keçirilən tədbirlər yeni tədris ilinin yaratdığı xoş ovqat və böyük sevinc hissi ilə yadda qalıb.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda “Bilik Günü” münasibətilə müəllim və şagirdlər təbrik olunub, yeni tədris ilində bütün təhsil iştirakçılarına uğurlar arzulanıb.
Tədbirdə şagirdlərə və pedaqoji kollektivə “Bilik Günü” münasibətilə təbriklər çatdırılıb, yeni tədris ilində onlara möhkəm cansağlığı, yüksək nəticələr və uğurlar arzulanıb
Məzunlara qızıl və gümüş nişanlar təqdim olunub

Məzunlara qızıl və gümüş nişanlar təqdim olunub
Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 2025–2026-cı tədris ilini xüsusi nailiyyətlərlə başa vuran məzunlardan 2 nəfər qızıl, 2 nəfər isə gümüş nişana layiq görülüb. Bu münasibətlə Mil-Muğan RTİ-nin müdiri Bəhruz Nəbili qızıl və gümüş nişanla təltif olunan məzunlarla görüş keçirib.
Görüşdə Saatlı və Sabirabad rayonları üzrə təhsil sektorlarının müdirləri ETİHİ Sabirabad və Saatlı rayon komitələrinin sədrləri məzunların təhsil aldığı məktəblərin direktorları, onların uğurlarında xüsusi əməyi olan müəllimlər və valideynlər iştirak ediblər.
Bəhruz Nəbili məzunlara qarşıdakı təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb, onların əldə etdikləri nailiyyətləri yeni hədəflər üçün möhkəm başlanğıc kimi dəyərləndirib. Gənclərə seçdikləri istiqamətdə inamla irəliləmələri, bilik və bacarıqlarını daim inkişaf etdirmələri tövsiyə olunub.
Səmimi söhbət şəraitində davam edən görüşdə məzunlar da öz təhsil həyatları, qazandıqları uğurlar və gələcəklə bağlı planlarından danışıblar. Onlar əldə etdikləri nəticənin qarşıya qoyulan məqsədə inamla və ardıcıl şəkildə çalışmaqla mümkün olduğunu qeyd edib, bundan sonrakı mərhələdə də yüksək nəticələr əldə etmək üçün səylə çalışacaqlarını bildiriblər.
Qeyd edək ki, qızıl və gümüş nişanla təltif olunan məzunlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir və Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilir.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
500–700 bal toplayan məzunlarla görüş keçirilib

500–700 bal toplayan məzunlarla görüş keçirilib
02 sentyabr 2026-cı il tarixində ETİHİ Sabirabad Rayon Komitəsinin təşkilatçılığı ilə Sabirabad rayonundan ali təhsil müəssisələrinə 500–700 bal aralığında yüksək nəticə ilə qəbul olmuş məzunlarla görüş keçirilmişdir.
Görüş zamanı yüksək bal toplayaraq tələbə adını qazanan gənclərin uğurları qeyd olunmuş, onların təhsil sahəsində göstərdikləri əzmkarlıq və əldə etdikləri nəticələr yüksək qiymətləndirilmişdir.
Tədbirdə məzunların gələcək hədəfləri, ali təhsil həyatına dair gözləntiləri və qarşıda duran məqsədləri barədə fikir mübadiləsi aparılmışdır.
ETİHİ Sabirabad Rayon Komitəsi olaraq yüksək nəticə göstərərək universitetlərə qəbul olan bütün məzunlarımızı təbrik edir, onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
Sabirabad rayonunda yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Sabirabad rayonunda yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Sabirabad rayonunda yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
---
Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbində təşkil olunan konfransda Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, Sabirabad rayonu üzrə təhsil sektorunun müdiri Mircamal Həşimov,ETİHİ Sabirabad rayon komitəsinin müdiri Seyidhüseyn Hüseynov sektorun əməkdaşları, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, ictimaiyyət nümayəndələri, ümumi təhsil müəssisələrinin rəhbərləri, direktor müavinləri və qabaqcıl müəllimlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, yeni tədris ilində qarşıda duran əsas vəzifələrdən bəhs edərək təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması və tədris prosesinin daha səmərəli təşkili istiqamətində həyata keçiriləcək tədbirləri diqqətə çatdırıb. Rabil Şahbazov məktəb rəhbərlərinin idarəetmə fəaliyyətinin gücləndirilməsinin, müəllim-şagird münasibətlərinin sağlam pedaqoji prinsiplər əsasında qurulmasının və məktəblərdə əlverişli təhsil mühitinin formalaşdırılmasının vacibliyini vurğulayıb.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.


